Valentlik (lat. valens — gücü olan) — kimyəvi element atomlarının müəyyən sayda kovalent kimyəvi rabitə əmələ gətirmək xassəsidir. Birləşmələrdə valentlik bir atomu digər atomla əlaqələndirən kovalent rabitələrin sayı ilə müəyyən edilir. Kimyəvi reaksiyalarda birinci dərəcədə əhəmiyyət daşıyan elektronlar valent elektronlardır.
Valentlik anlayışı ilk dəfə elmə 1852-ci ildə ingilis alimi Eduard Franklend tərəfindən daxil edilmişdir. Valentlik nəzəriyyəsinin əsasını isə alman alimi Fridrix Avqust Kekule qoymuşdur.
Bəzi kimyəvi elementlərin valentliyi əmələ gətirdikləri kimyəvi birləşmələrdə dəyişmir. Binar birləşmələrdə atomların valentlik vahidləri həmişə bərabərdir. Valentlik Roma rəqəmləriylə və elementin kimyəvi işarəsinin üzərində yazılır. Onlara sabit valentli elementlər deyilir. Digər elementlər isə müxtəlif kimyəvi birləşmələrdə müxtəlif valentliyə malik olur. Onlara dəyişkən valentli elementlər deyilir. Elementin ən yüksək valentliyi ədədi qiymətcə dövri sistemdə onun yerləşdiyi qrupun nömrəsinə uyğundur. Lakin Azot (N), Oksigen (O), Flüor (F) qrupun nömrəsindən aşağı valentlik (müvafiq olaraq 4, 2, 1) göstərdiyi halda, Mis (Cu), Gümüş (Ag) və Qızıl (Au) yüksək valentlik (müvafiq olaraq 2, 2, 3) göstərir. Birləşmələrin formuluna əsasən onun valentliyi indekslərin ən kiçik ortaq bölünəninin həmin indekslərə bölünməsi ilə tapılır.